Qızılın qiyməti bu həftə 5 faiz artdı. Bu, Donald Trampın Avropa İttifaqına və Apple şirkətinə tətbiq edəcəyi yüksək tariflərlə bağlı təhdidlərindən sonra baş verdi. Nəticədə investorlar daha etibarlı aktivlərə yönəldilər.
Bloombergin məlumatına görə, spott qızılın qiyməti 2.1 faizədək yüksəlib. ABŞ Prezidenti Tramp Avropa İttifaqından idxal olunan məhsullara iyunun 1-dən etibarən 50 faizlik tarif tətbiq ediləcəyini bəyan edərək, “onlarla danışıqlar heç bir nəticə vermir” deyib. ABŞ-ın səhm bazarları isə düşüş göstərib. Tramp, həmçinin, əgər Apple şirkəti iPhone-larını ABŞ-da istehsal etməzsə, ona da ən azı 25 faiz tarif tətbiq edəcəyi ilə hədələyib.
Bu il ərzində qızılın qiyməti 25 faizdən çox artıb. Qiymət artımına ABŞ-ın başladığı ticarət müharibəsinin nəticələri səbəb olub. Bu, investorları ticarət pozuntularına məruz qalan səhmlərdən uzaqlaşdıraraq təhlükəsiz aktivlərə yönəldib.
ABŞ hökumətinin büdcə kəsiri ilə bağlı narahatlıqları da qızıl kimi təhlükəsiz aktivlərə marağı artırıb. Moody’s reytinq agentliyi ABŞ-ın ən yüksək kredit reytinqini aşağı saldıqdan sonra investorlar, Trampın imzaladığı və Nümayəndələr Palatasından keçib indi Senata göndərilən vergi qanun layihəsinin ölkənin böyüyən büdcə kəsirini daha da artıracağından narahatdırlar.
Bu həftə 10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 4.5 faiz civarında artdı. Əvvəllər bu cür artımlar qızıl üçün ciddi təzyiq hesab olunurdu, çünki qızıl faiz gəliri vermir və adətən qiyməti istiqraz gəlirliliyi ilə əks istiqamətdə hərəkət edir. Lakin indi bu əlaqə zəifləyib. İnvestorlar daha yüksək faiz gəliri əvəzinə təhlükəsizliyi üstün tuturlar.
Bu arada, platin son iki ilin ən yüksək səviyyəsinə çatıb və həftəlik 10 faizdən çox artımla son dörd ilin ən böyük həftəlik yüksəlişini göstərməkdədir.