[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Oktyabrda kritik referendum keçiriləcək: Alberta Kanadadan ayrılacaqmı?

Alberta əyalətinin baş naziri Daniel Smiz bildirib ki, oktyabr ayında keçiriləcək referendumda əhalinin əksəriyyəti Kanadanın tərkibində qalmağa səs versə, o, gələcəkdə ayrılma ilə bağlı yenidən referendumu keçirməyəcək.

D.Smizin açıqlamasına görə, oktyabrın 19-na təyin olunan referendumda Alberta müstəqilliyi ilə bağlı sual da yer alacaq. Lakin sual birbaşa “Kanadadan ayrılmaq istəyirsinizmi?” formasında olmayacaq. Bunun əvəzinə sakinlərdən Albertanın Kanadanın tərkibində qalmasını istəyib-istəmədikləri və ya əyalətin Kanadadan ayrılması ilə bağlı hüquqi prosesin başlanması üçün məcburi referendum keçirilməsinə başlanmasının tərəfdarı olub-olmadıqları soruşulacaq.

D.Smiz özü Albertanın Kanadanın tərkibində qalmasını dəstəklədiyini dəfələrlə bəyan etsə də, referendumun keçirilməsinə şərait yaratdığı üçün tənqid olunur. Xüsusilə də o, referendum təşəbbüsünü başlatmaq üçün imza toplama qaydalarını sadələşdirən qanun dəyişikliklərinə görə tənqid edilir.

D.Smiz bildirib ki, əgər oktyabr referendumunda “Kanadada qalmaq” tərəfi qalib gəlsə, o zaman baş nazir olduğu müddətdə yeni ayrılma referendumu keçirməyəcək: “Bəli, söz verirəm. Mən xalqın iradəsinə hörmət edəcəyəm və buna görə də həmin tərəfi dəstəkləyəcəyəm”.

Bununla yanaşı, o qeyd edib ki, əgər sakinlər əks istiqamətdə səs versələr, o zaman Albertanın Kanadadan ayrılması ilə bağlı hüquqi proses başlanmalı olacaq.

Baş nazir əlavə edib ki, müstəqillik referendumu prosesinin başlamasının “çox ciddi nəticələri” ola bilər və özü referendumda Albertanın Kanadada qalmasının lehinə səs verəcək.

D.Smiz bildirib ki, Alberta müstəqilliyi ilə bağlı müzakirələr uzun illərdir davam edir və məsələnin açıq şəkildə müzakirə olunaraq səsvermə yolu ilə həll edilməsinin daha düzgün olduğunu düşünür: “İnsanların qəzəbini görməzdən gəlməklə problemi həll etmək olmur. Əks halda bu, daha böyük bölünməyə və narazılığa səbəb ola bilər”.

Foto: Reuters

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp