[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadalılar 4-cü dəfə Liberal Partiyanı seçdi

Azlıq hökumət olaraq hakimiyyətdə qalmaq üçün Karney müxalifət partiyaları ilə əməkdaşlıq etməlidir

Mark Karney bazar ertəsi günü keçirilmiş federal seçkidə az fərqlə qələbə qazandı. Liberal Partiya seçkidə azlıq hökuməti qurmaq üçün kifayət qədər mandat əldə etdi.

Səhər saat 5:55-ə olan məlumata görə, Liberal Partiyası 343 dairədən 168-də (49%) qalib gəlib.  Pier Poilyevrin rəhbərlik etdiyi Mühafizəkarlar isə 144 (42%) dairə ilə hələ də müxalifətdə qalır. Parlamentdə əksəriyyət hökuməti qurmaq üçün 172 yer tələb olunur.

Pier Poilyevr seçilməyib

Bu arada ilkin nəticələr göstərdi ki, Pier Poilyevr Ottava yaxınlığındakı Karleton dairəsində Liberal namizəd Bruce Fanjoya uduzub.

Election Canadanın 04:43-ə olan məlumatına görə, Fanjoy 42,374 səslə (50.6%) liderlik edib. Poilyevr isə 38,581 səs toplaya bilib. Bu məğlubiyyət Poilyevrin parlamentdə təxminən 20 illik fəaliyyətinə son qoyur və onun gələcək liderliyi ilə bağlı məsələlərdə ciddi suallar doğurur.

Poilyevr ardıcıl dördüncü Mühafizəkar lider oldu ki, Liberallara məğlub oldu. Liberallar isə 2015-ci ildən bəri hakimiyyətdə qalmağı bacarıb.

Sinx istefa verdi

Bloc Quebecois və Sinxin rəhbərlik etdiyi Yeni Demokratlar Partiyası (NDP) da ciddi itkilər yaşayıb. NDP-nin cəmi 7 mandat qazanacağı proqnozlaşdırılır – bu da seçkidən əvvəlki 24 mandatla müqayisədə böyük azalmadır. Bloc isə əvvəlki 33 mandatdan 23-nə enə bilər. Hər iki partiya gələcək parlamentdə balans qüvvəsi rolunu oynaya bilər.

B.C. əyalətindəki Burnaby Central dairəsində Liberal rəqibinə məğlub olan Sinx, bazar ertəsi günü NDP liderliyindən istefa verdiyini açıqlayıb.

“Tramp bizi sındırmaq istəyir”

Kanadanın sabiq baş bankiri Mark Karney, mart ayında populyarlığı azalan Jastin Trudonu əvəz edərək baş nazir seçildi. Qlobal iqtisadi böhranlarda böyük iqtisadiyyatlara rəhbərlik etmə təcrübəsini vurğulayan Karney, kanadalıları yaşama xərcləri, Trampın tarifləri və ilhaq təhdidlərinə qarşı mübarizədə ən münasib lider olduğuna inandıra bildi.

“Amerika torpağımızı, resurslarımızı, suyumuzu, ölkəmizi istəyir,” – deyə Karney qələbə nitqində bildirib: “Bunlar boş təhdidlər deyil. Prezident Tramp bizi sındırmaq istəyir ki, Amerika bizi ələ keçirsin. Bu, heç vaxt baş verməyəcək.”

“Keçmişin nifrət və parçalanmasına son qoyaq”

Karneyin qələbəsi, Liberalların 2015-ci ilin oktyabrında Trudonun Mühafizəkar Stephen Harper üzərində qazandığı gözlənilməz qələbə ilə başlayan onillik hakimiyyətini möhkəmləndirir.

Azlıq hökuməti şəraitində Karney öz gündəmini irəlilətmək və hakimiyyətdə qalmaq üçün müxalifət partiyaları ilə əməkdaşlıq etməlidir. Qələbə nitqində o, “hər kəsi təmsil edəcəyinə” söz verib.

“Minlərlə vətəndaşımız fərqli nəticə arzulayırdı,” – deyə Karney bildirib: “Keçmişin nifrət və parçalanmasına son qoyaq. Biz hamımız kanadalıyıq”.

Poilyevr, Karneyi təbrik edib

Karney, Ottavadakı Nepean dairəsində qələbə qazanıb. Bu dairə əvvəllər Liberal Çandra Arya tərəfindən təmsil olunurdu, lakin onun Hindistanla əlaqəli iddialar səbəbilə partiyadan kənarlaşdırıldığı bildirilir. Karneyin dairəsi əsas rəqibi Poilyevrin namizəd olduğu Karleton dairəsinin qonşuluğundadır.

Çərşənbə axşamı səhər saatlarında tərəfdarlarına müraciət edən Poilyevr, Karneyi təbrik edib və müxalifət lideri olaraq Liberallara qarşı mübarizəni davam etdirəcəyini söyləyib.

“Mühafizəkar Partiyaya səs verən milyonlarla insana təşəkkür edirəm”, – deyə Poilyevr bildirib: “Sizlər üçün mübarizəni davam etdirmək və arzularınızı müdafiə etmək mənim üçün böyük bir şərəf olacaq”.

Mühafizəkarlar üçün böyük zərbə

Bir neçə ay öncə, Poilyevrin Liberalların on illik hakimiyyətini sona çatdıracağına demək olar ki, şübhə yox idi.

Trudonun ölkədə gedən inflyasiya və yaşam xərclərinin bahalaşması ilə bağlı populyarlığının azalması fonunda rəy sorğuları uzun müddət Mühafizəkarların aydın favorit olduğunu göstərirdi. Partiya daxilindən və xaricdən artan təzyiqlərlə üzləşən Trudo, yanvarda istefa verəcəyini elan etdi.

Karney asanlıqla Liberal liderliyini qazandı və 14 martda – 60 yaşına iki gün qalmış – baş nazir kimi and içdi. O, tezliklə Trudonun geniş tənqid olunan karbon vergisini ləğv etdi və 28 aprel seçkilərini elan etdi.

Karneynin siyasi səhnəyə çıxmasından sonra Liberallar sorğularda Mühafizəkarları geridə qoymağa başladı, baxmayaraq ki, kampaniyanın son günlərində fərq azaldı.

Trampın Poilyevrin seçilməsinə təsiri

Tramp da Poilyevrin taleyinin dəyişməsində rol oynamış ola bilər. Trampın tarifləri və Kanadanı “51-ci ştat” etmək fikri, kanadalılar arasında milli ruhun artmasına səbəb oldu. Bu da Liberalların xeyrinə işlədi. Elon Mask və Joe Rogan kimi Tramp tərəfdarlarının Poilyevri  tərifləməsi, Kanadada populizm və  tərzi siyasətin təsirindən narahat olan seçiciləri çaşdıra bilərdi.

Trudonun istefası ilə bu seçki təkcə Liberal hökumətin fəaliyyətinə deyil, həm də Kanadanın suverenliyini kim daha yaxşı qoruyacaq sualına çevrildi.

Seçkinin əhəmiyyətini göstərən amillərdən biri də, əvvəlcədən səsvermədə 7.3 milyon kanadalının iştirak etməsi oldu – bu da 2021-ci ildəki 5.8 milyonla müqayisədə rekorddur.

Karneyin sürətli yüksəlişi

Karney ictimaiyyətə ilk dəfə keçmiş Mühafizəkar baş nazir Stephen Harperin dövründə Kanada Bankının rəhbəri kimi tanınıb. Harper bu seçkidə Poilyevri dəstəkləyib. Karney 2008–2013-cü illərdə bu vəzifədə çalışıb, daha sonra 2013–2020-ci illərdə İngiltərə Bankının rəhbəri olub. O, Kanadanı 2008-ci il maliyyə böhranından çıxarmaqda və Britaniyanı Brexitin nəticələrindən qorumaqda mühüm roluna görə geniş rəğbət qazanıb.

Harvard və Oksford təhsilli iqtisadçı, ictimai sektora keçməzdən əvvəl 13 il ərzində “Goldman Sachs”da çalışıb. Son illərdə “Brookfield Asset Management”də işləyib və Trudo  hökumətinə iqtisadi müşavirlik edib.

“Karyeram boyunca büdcə idarə etmişəm, iqtisadiyyat idarə etmişəm, böhran idarə etmişəm. Bu, eksperiment vaxtı deyil, təcrübə vaxtıdır” – Karney kampaniyası zamanı bildirib.

Karney Kanadada heç vaxt seçkili vəzifə tutmadan baş nazir olan ilk şəxsdir. Fort Smith, Şimal-Qərb Ərazilərində anadan olan Karney, həm də Kanadanın şimal bölgəsindən çıxmış ilk baş nazir və Ontario qərbində doğulan üçüncü baş nazir olub (digərləri: Alberta doğumlu Joe Clark və B.C.-dən Kim Campbell).

NDP partiya statusunu itirə bilər

Seçkidə bu qədər məsələ gündəmdə olduğu üçün seçicilər daha kiçik partiyalardan – Bloc Quebecois və NDP-dən uzaqlaşıblar.

Bu partiyalar gələcək Liberal azlıq hökumətində hələ də balans qüvvəsi rolunu oynaya bilərlər. Lakin rəsmi partiya statusu üçün federal partiyalar 12 mandat qazanmalıdır. Bu seçkidə NDP bu statusunu itirə bilər.

“Daha çox mandat qazana bilmədiyimiz üçün məyusam, amma hərəkatımıza görə yox” – deyə Sinx bazar ertəsi gecəsi emosional istefa nitqində tərəfdarlarına bildirib: “Mən inanıram ki, biz həmişə qorxuya qarşı ümidi, ümidsizliyə qarşı nikbinliyi, nifrətə qarşı isə birliyi seçəcəyik”.

Yaşıllar Partiyası da iki mandatından birini itirə bilər. Partiyanın lideri Elizabeth May B.C.-dəki Saanich-Gulf Islands dairəsində qalib gəlsə də, həmsədr Jonathan Pedneault Montrealın Outremont dairəsində hazırkı Liberal namizədə məğlub olub. Bloc Quebecoisin lideri Yves-François Blanchet isə Quebecdəki Beloeil-Chambly dairəsində mandatını qoruyub.

Foto: France24

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar