Amerika prezidenti Donald Trampın ikinci prezidentlik müddətinə başlamasından sonra bir sıra ölkələr öz vətəndaşlarına ABŞ-a səyahət edərkən ehtiyatlı olmağı tövsiyə edirlər.
Kanada: “Yoxlamalara hazır olun”
Kanada 4 aprel tarixində vətəndaşlarını “sərhəd keçid məntəqələrində elektron cihazların yoxlanılmasına hazır olun” deyə xəbərdar edib. Bəyanatda kanadalılara “sərhəd orqanları ilə bütün qarşılıqlı əlaqələrdə əməkdaşlıq etməli və açıq davranmalı” olduqları vurğulanıb.
Bu xəbərdarlıq, ABŞ sərhədində daha çox sayda səyahətçinin geri qaytarılması ilə bağlı xəbərlərdən sonra verilib.
Fransanın ali təhsil naziri AFP-yə bildirib ki, bir alim Trampı tənqid edən mesajlar göndərdiyinə görə ABŞ-a girişdən imtina edilib.
Yenilənmiş tövsiyədə həmçinin səyahətçilərin “ABŞ-da qanuni yolla qala biləcəklərini sübut edə bilən sənədləri istənilən vaxt təqdim etməyə hazır olmaları” istənilir.
Əvvəlki tövsiyədə isə ABŞ-da 30 gündən çox qalmağı planlaşdıran Kanada vətəndaşlarına, ABŞ-ın müvafiq dövlət orqanlarında onlayn qeydiyyatdan keçmək tövsiyə olunmuşdu.
4 aprel tarixindən qüvvəyə minən ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yeni qaydasına əsasən, qeydiyyat məcburidir. Tövsiyədə bildirilir: “Qeydiyyat tələbinə əməl etməmək cərimələrə, inzibati və cinayət məsuliyyətinə cəlb olunmaq üçün səbəb ola bilər”.
Çin: ehtiyatla hərəkət edin
Çinin mədəniyyət və turizm nazirliyi 9 aprel tarixində səyahət xəbərdarlığı yayımlayıb. Səbəb olaraq Çin-ABŞ ticarət münasibətlərinin pisləşməsi və ABŞ-da daxili təhlükəsizlik vəziyyəti göstərilir. Çinli turistlərə ABŞ-a səyahət risklərini “tam qiymətləndirmələri və ehtiyatla hərəkət etmələri” tövsiyə olunub.
Almaniya və Böyük Britaniya: Saxlanma riski
Almaniyanın xəbərdarlığında bildirilir ki, ABŞ vizası və ya giriş imtiyazı (ESTA) ABŞ-a daxil olmağa zəmanət vermir. “Cinayət qeydləri, yanlış məlumat və ya viza müddətinin azacıq keçməsi belə həbs, saxlanılma və deportasiyaya səbəb ola bilər”, – deyə xəbərdarlıqda qeyd olunub. Bu bəyanat Almaniyadan üç vətəndaşın həbs olunub həftələrlə dindirilməsi xəbərlərindən sonra yayımlanıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi də bənzər xəbərdarlıq verib. ABŞ-Kanada sərhədində bir britaniyalı səyahətçinin girişinə icazə verilmədiyi və ICE mərkəzində 19 gün saxlanıldığı bildirilib. Tövsiyədə ABŞ-ın giriş qaydalarını sərt şəkildə tətbiq etdiyi vurğulanır: “Qaydalara əməl olunmaması həbs və ya saxlanılma ilə nəticələnə bilər”.
Statistika: ABŞ-a səyahət edənlərin sayı azalıb
Getdikcə daha çox insan ABŞ-a səyahətə marağını itirir və görünür ki, bunun əsas səbəbi Tramp administrasiyasının siyasətləri və gömrük tarifləridir. Kanada Statistika İdarəsinin ötən ay açıqladığı məlumata görə, fevral ayında ABŞ-a avtomobillə gedən kanadalıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalıb.
Səyahət məlumatları toplayan OAG şirkəti isə Kanada-ABŞ hava bileti bronlarının ötən ilə nisbətən 70 faiz azaldığını bildirib. Air Canada və WestJet bu qədər ciddi azalma qeydə almadıqlarını desələr də, bəzi marşrutlarda uçuşları azaldıblar.
Avropadan ABŞ-a yay mövsümündə ediləcək hotel rezervasiyaları da dörddə bir nisbətində azalıb – bu barədə Accor şirkətinin baş direktoru Sebastyen Bazen Bloombergə bildirib.
Turizm Araşdırmaları İdarəsi əvvəlcə bu il ABŞ-a gələcək xarici turistlərin sayında 9 faiz artım olacağını proqnozlaşdırmışdı, lakin ötən ay bu rəqəm 5 faiz azalma ilə yeniləndi. Səbəb kimi isə ticarət gərginlikləri göstərildi.