Avqustda Böyük Toronto Ərazisində (GTA) yeni ev satışları illik müqayisədə 42% azalıb və cəmi 300 alqı-satqı qeydə alınıb. Bina Sənayesi və Torpaq İnkişafı Assosiasiyasının (BILD) məlumatına görə, avqustda qeydə alınan 300 yeni ev satışının 118-i kondominium olub. Bu, 2024-cü ilin avqustu ilə müqayisədə 59% azalma, son on ilin ortalamasından isə 90% aşağıdır. Qalan 182 satış isə fərdi yaşayış evlərinə aid olub – 2024-cü ilin avqustuna görə 21% azalma və onillik ortalamadan 59% aşağı.
Satılmayan evlər
Satışa çıxarılan evlərin sayı rekord səviyyədə olsa da, yeni layihələr getdikcə dəyərini itirir, çünki Toronto son 30 ilin ən aşağı mənzil tikinti səviyyəsinə daxil olur.
Avqustda satışda qalan yeni evlərin sayı 22,245 vahid olub (iyuldakı 22,654-dən az), bunun 16,447-si kondominium, 5,798-i isə fərdi evdir. Bu, ümumilikdə 20 aylıq inventar deməkdir ki, BILD-in məlumatına görə, “indiyə qədər görülən ən yüksək səviyyədir.”
Qiymətlər
Ortalama qiymətlərə gəlincə, yeni kondominiumların qiyməti “açıq qiymət həddi” səviyyəsində qalaraq 1,028,782$ olub (iyulda 1,029,527$ idi). GTA-da fərdi evlərin orta qiyməti isə 1,462,342$ təşkil edib – ötən illə müqayisədə 8.5% azalma və iyuldakı 1,488,940$-dan aşağıdır.
“Altus Group”un Araşdırma Meneceri Edvard Jegg bildirir ki, bu vəziyyət bölgədə əhəmiyyətli iş yerlərinin itirilməsindən xəbər verir. GTA-da yeni tikililərin çatışmazlığı təxminən 41,000 iş yerinin itirilməsinə, həmçinin 2029-cu ilə qədər tikinti sərmayəsinin 10 milyard dollardan çox azalmasına gətirib çıxara bilər.
Vankuver, Ottava, Kalqaridə vəziyyət necədir?
GTA-dan kənara baxanda, BILD-in əməkdaşı Casti̇n Şervud deyir ki, yalnız Toronto deyil, digər bölgələr də gələcəkdə mənzil çatışmazlığı ilə üzləşir: “Böyük Vankuver də öz normal fəaliyyətinin üçdə birini görür və tezliklə oxşar vəziyyətə düşəcək. Ontarionun digər bazarları Ottava, Kitçener-Vaterloo çətinlik çəkir, indi hətta Kalqaridə də narahatedici əlamətlər görürük”.
“GST dayandırılmalıdır”
BILD-in GTA mənzil tikintisinə dair avqust hesabatında C.Şervud federal hökuməti müəyyən addımlar atmağa çağırıb: “1 milyon dollardan ucuz bütün yeni evlərdə GST-nin müvəqqəti dayandırılması, vilayət səviyyəsində DC islahatlarının sürətlə tətbiqi, bələdiyyələrin yeni evlərə əlavə etdikləri rüsum və ödənişlərin azaldılması”.
C.Şervurdun sözlərinə görə, işdən çıxarmalar və gələcək mənzil təklifi qıtlığı səbəbindən 2027–2031-ci illər arasında ev axtaran ailələr və inşaat işçiləri hökumətin hərəkətsizliyinin əsas yükünü daşıyacaqlar”.
















