“Bank müfəttişləri” adı altında aparılan dələduzluq hazırda Toronto və Halton bölgəsində yaşayan insanlar üçün ciddi problemə çevrilməkdədir. Zərərçəkmişlər on minlərlə dollar itirdiklərini bildiriblər.
Keçən ay Durham Regional Polis Bölməsi (DRPS) 41 nəfərin bu sxem nəticəsində aldadıldığını bildirmişdi. Halton Regional Polis Bölməsi (HRPS) isə sentyabr ayında oxşar xəbərdarlıq yayaraq 2025-ci ilin əvvəlindən bu yana daha 53 nəfərin bu dələduzluğun qurbanı olduğunu qeyd etmişdi.
Bəzi zərərçəkənlər “CTV News Toronto” ya bildiriblər ki, dələduzlar əvvəlcə onlara zəng edib ad, ünvan, telefon nömrəsi və bəzi hallarda bank hesabı kimi şəxsi məlumatlar veriblər. Sonra isə onların evlərinə gələrək bank və kredit kartlarını “təhlükəsizlik məqsədilə” təhvil alaraq aparıblar.
“Zəng gələrkən telefonda TD Bankın adı yazılmışdı”
Toronto sakini Kimberli Lyunun sözlərinə görə, “dedilər ki, kartımda bəzi saxtakarlıq əməliyyatları olub və bunun doğru olub-olmadığını təsdiqləmək istəyirlər”.
Lyu avqustda özünü bank əməkdaşı kimi təqdim edən bir şəxsdən zəng aldığını deyib. Həmin şəxs onun hesablarının təhlükə altında olduğunu bildirib və zəng gələrkən telefonda TD Bankın adı yazılıb. Zəng edən şəxs Lyunun son əməliyyatlarını və e-transfer siyahısındakı insanların da adını sadalayıb: “Mən düşündüm ki, bu çox real görünür… Belə məlumatlara ancaq TD işçiləri sahib ola bilər, elə deyilmi?”.
Lyuya deyilib ki, kartları kopyalanıb və bank onları ləğv edib yeniləri ilə əvəz etməlidir. Qısa müddət sonra bir kuryer onun evinə gələrək kartları götürüb: “Mən kartlarımı o kuryerə verdim, o da maşına minib getdi”.
Kartlar onların əlinə keçən kimi, dələduzlar Lyunun hesablarını boşaldaraq 32 min dollar oğurlayıblar.
Oşava sakini Meibl Perez Ramirez də “CTV News Toronto”ya bildirib ki, ona da zəng edərək hesablarının risk altında olduğunu və kartlarının dəyişdirilməli olduğunu deyiblər. Lyu kimi, o da kartlarını kuryerə verib və nəticədə 20 min dollar itirib: “Geri baxanda düşünürəm ki, nəyi fərqli edə bilərdim, amma onlar o qədər inandırıcı idilər ki…”.
“Bank heç vaxt müştərinin evinə kartları götürmək üçün kuryer göndərməz”
O deyib ki, “Scotiabank”ın bu qədər böyük məbləğin hesabından 1-2 gün ərzində çıxarılmasına reaksiya verməməsinə təəccüblənib: “Necə ola bilər ki, bu qədər pul hesabımdan çıxarılır, amma bank tərəfindən xəbərdarlıq belə olunmur?”.
“Scotiabank”ın nümayəndəsi açıqlamasında bildirib ki, “bank heç vaxt müştərinin evinə kartları götürmək üçün kuryer göndərməz. Müştərilər dələduzluğu tanımaq, rədd etmək və bildirmək üçün təhlükəsiz bankçılıq vərdişlərinə əməl etməlidirlər”.
“Bank heç vaxt müştərilərə zəng edib şəxsi məlumat istəmir”
TD Bank bildirib ki, TD Bank müştərilərə heç vaxt birbaşa zəng edib şəxsi məlumat istəmir və ya maliyyə əməliyyatı etməyi xahiş etmir: “Əgər kimsə özünü bankın dələduzluq şöbəsinin əməkdaşı kimi təqdim edirsə, dərhal zəngi dayandırın və kartınızın arxasında yazılmış nömrəyə zəng edin – mümkün olsa, fərqli telefon xətti istifadə edin”.
“Naməlum nömrələrdən və ya e-poçtlardan gələn linklərə daxil olmayın. Əgər müştəri dələduzluğun qurbanı olduğunu düşünürsə, dərhal öz bankına, polisə və Kanada Dələduzluqla Mübarizə Mərkəzinə məlumat verməlidir”.
“Bank müfəttişi” dələduzluğunun qurbanı olmamaq üçün tövsiyə
- Heç kimə bank məlumatlarınızı və ya kart PIN kodunuzu verməyin.
- Bank və ya kredit kartlarınızı heç kəsə təhvil verməyin.
- Əgər bankdan zəng etdiklərini iddia edən biri ilə qarşılaşırsınızsa, zəngi dayandırın və kartınızın arxasındakı rəsmi nömrəyə zəng edərək məlumatı yoxlayın.
TD və Scotiabank nə Lyu, nə də Perez Ramirez üçün oğurlanan vəsaitləri geri qaytarmayıb. Hər iki zərərçəkmiş hesab edir ki, banklar müştərilərini qorumaq üçün daha çox tədbir görməlidir.
















