Polis xəbərdarlıq edir: diqqəti yayındırmaqla baş tutan oğurluqlar 1235% artıb
Toronto polisi bildirir ki, Ontarioda diqqəti yayındırmaqla həyata keçirilən oğurluq halları sürətlə artır. Toronto Polisi 2024-cü illə müqayisədə bu il sözügedən oğurluqların 1235% artdığını açıqlayıb.
Baş inspektor Mandeep Mann bildirib ki, bu il indiyədək 374 diqqəti yayındırmaqla oğurluq hadisəsi qeydə alınıb. Halbuki ötən il eyni dövrdə cəmi 28 hadisə baş vermişdi: “Biz bilirik ki, bu cinayətlər çox vaxt polisə bildirilmədən qalır. Bu şübhəlilər torontoluların nəzakət və yardımsevərliyindən sui-istifadə edirlər”.
M.Mann bildirib ki, diqqəti yayındırmaqla oğurluq hadisələri şübhəlilər qurbanı yayındıraraq onun qiymətli əşyalarını – telefon, pulqabı və ya zinət əşyalarını oğurladığı zaman baş verir.
M.Mann bildirib ki, şübhəlilər adətən 60–90 yaş arası, tək gəzən və zinət əşyası taxan insanları hədəfə alırlar. Onlar qurbanları izdihamlı dayanacaqlarda, küçələrdə və hətta evlərinin qarşısında belə izləyirlər.
Baş inspektorun sözlərinə görə, şübhəlilərin qurbanlara yaxınlaşmaq üçün istifadə etdikləri ümumi üsullar istiqamət soruşmaq, mübahisə başlatmaq, qurbanın üstünə nəsə tökmək, zinyət əşyası təklif etmək və ya qurbanı dua etməyə çağırmaqdır: “Əgər kimsə sizə boyunbağı taxmaq qədər yaxındırsa, deməli, o, həddindən artıq yaxındır”.
O əlavə edib ki, şübhəliləri müəyyənləşdirmək çətindir, çünki bir çox qurban yalnız oğrular gedəndən sonra hədəf olduqlarını başa düşür. Lakin polisin fikrincə, bu ilki yüzlərlə hadisənin arxasında mütəşəkkil cinayətkar qruplar dayanır.
“Yad insanlarla ehtiyatlı olun”
Polis vətəndaşlara özlərini qorumaq üçün aşağıdakı məsləhətləri nəzərə almağı tövsiyə edir:
- Ətrafınızdakı vəziyyətə diqqət edin, xüsusilə də izdihamlı yerlərdə.
- Çantaları, bel çantalarını və pul kisələrini mütləq bağlı saxlayın.
- Yad insanlarla ehtiyatlı olun, xüsusilə də çox mehriban və israrlı davranırlarsa.
- İctimai yerlərdə dəyərli əşyaları masanın üzərinə qoymayın və ya çantanızı stulun arxasından asmayın.
Foto: Martin Trainor/CBC
















