Bu gün Kanada hökuməti tərəfindən təqdim olunan yeni qanun layihəsi – Bill C-3 (Vətəndaşlıq Aktına düzəliş haqqında Qanun) – vətəndaşlığın irsi qaydada ötürülməsi hüququnu birinci nəsildən sonrakılara da şamil edəcək.
Hazırda qüvvədə olan qanuna əsasən, Kanadadan kənarda doğulan Kanada vətəndaşının (sonradan vətəndaşlıq alan) uşağı da xaricdə dünyaya gəlibsə, ona Kanada vətəndaşlığını ötürə bilmir.
Yeni qanun layihəsinə görə, valideynin övladı doğulmazdan əvvəl Kanadada fiziki olaraq azı 1095 gün (yəni üç il) yaşamış olması şərti ilə, ikinci və daha sonrakı nəsillər də avtomatik olaraq Kanada vətəndaşlığı əldə edə biləcəklər.
Federal hökumətin yaydığı məlumatda deyilir ki, bu dəyişiklik “Kanada vətəndaşlığının dəyərini qoruyaraq, daha inklüziv şəkildə” həyata keçiriləcək.
Bu, keçmiş baş nazir Stefen Harper dövründə qəbul edilən və Kanadadan kənarda doğulan vətəndaşların öz xaricdə doğulan uşaqlarına vətəndaşlıq verməsini qadağan edən qanunun əksinədir.
İki il əvvəl Ontario Ali Məhkəməsi bu məhdudiyyəti bir çox insanlar üçün konstitusiyaya zidd hesab etmişdi. Hökumət bu qərara etiraz etmədi, lakin məhkəmə qərarını dərhal qüvvəyə mindirmədiyi üçün qayda qüvvədə qalmışdı.
Baş nazir Castin Trudo hökuməti bu problemi aradan qaldırmaq üçün ötən ilin may ayında Bill C-17 adlı oxşar qanun layihəsi təqdim etmişdi, lakin həmin layihə Britaniya Krallığından razılıq alınmadığına görə qüvvəyə minməmişdi.
Hökumət bildirir ki, yeni dəyişiklik Kanada vətəndaşlığını daha ədalətli və əlçatan edəcək.
Federal hökumətin yaydığı məlumatda deyilir ki, əgər bu qanun layihəsi parlamentin hər iki palatası tərəfindən qəbul olunarsa və Krallığın razılığı alınarsa, dəyişikliklərin tezliklə qüvvəyə minməsi üçün işlərə başlanılacaq.