2025-ci ildə daşınmaz əmlak satışları tarixi göstəriciyə çatıb. Toronto şəhərində 2025-ci ildə satılan evlərin sayı təxminən 62 400 olub ki, bu da son 25 ilin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 127 mindən çox idi.
Ev satışlarının bundan da aşağı olduğu ili tapmaq üçün təqvimi 2000-ci ilə, yəni minilliyin əvvəlinə çevirmək lazımdır. Həmin il təxminən 61 min alqı-satqı qeydə alınmışdı.
“İndi Torontoda 25 il əvvəlkindən nə qədər çox insanın yaşadığını təsəvvür edin. Bunlar inanılmaz dərəcədə aşağı rəqəmlərdir” – deyə Butler Mortgage şirkətinin rəhbəri Ron Butler bildirib.
Vankuver şəhərində isə 2025-ci ildə yeni satış elanlarının sayı 1990-cı illərin ortalarından bəri görünməyən rekord səviyyəyə çatıb, lakin satışlar hələ də tarixi minimumda qalır.
Metro Vankuver bölgəsində yaşayış evlərinin satışı 2025-ci ildə 23 800-ə düşüb. Bu, son 20 ildən artıq dövrün ən aşağı illik göstəricisidir.
Qiymətlər müəyyən qədər ucuzlaşsa da, bir çoxları hesab edir ki, bu azalma potensial alıcılar üçün hələ də kifayət deyil.
R.Butlerin sözlərinə görə, Vankuver hələ də son dərəcə bahalı daşınmaz əmlak bazarıdır: “Hətta Torontodan da bahadır. Hətta maddi vəziyyəti yaxşı olan insanlar da bazarı izləyərək 2026-cı ili gözləyirlər”.
Kanadanın ən gəlirli iki mənzil bazarında yaranmış bu vəziyyət bir çoxlarını təəccübləndirir.
Toronto Regional Daşınmaz Əmlak Şurasının baş bazar analitiki Jason Mercer bildirib ki, borclanma xərcləri və satış qiymətləri əksər əsas bazar seqmentlərində aşağı düşsə də, satışlar hələ də zəifdir.
R.Butler hesab edir ki, iqtisadiyyat və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, durğun satışlar ən azı növbəti altı ay ərzində də davam edəcək.
Foto: Canva
















