Tələblər seçdiyiniz əyalətə, universitetə və ixtisasa görə dəyişir
Bildiyimiz kimi, Kanadada universitetə qəbul olmaq üçün əksər hallarda imtahan verməyə ehtiyac yoxdur. Amma bu, o demək deyil ki, hər kəs rahatlıqla sənədlərini təqdim edərək ali məktəbdə təhsil ala bilər. Xüsusilə dünya miqyasında, yaxud Kanada daxilində tanınmış, nüfuzlu universitetlərin yüksək tələbat olan ixtisaslarına qəbul olmaq istəyənlər müəyyən tələblərə cavab verməlidir. Bu tələblər hansılardır və hansı ixtisaslara Kanadada yüksək tələbat var?
“Düzgün ixtisas seçimi universitetə qəbul olmaq üçün şərtdir”
Şeppard dövlət məktəbinin (Sheppard Public School) direktoru İradə Kərimova bizimlə söhbətində bildirdi ki, yuxarı siniflərdə (High School – 9-12-ci sinif) 31 kredit yığmaq şərtdir: “İkinci şərt universitetdə oxumaq istədiyiniz ixtisas üzrə könüllülük etməkdir. Üçüncüsü, oxumaq istədiyin ixtisasa uyğun fənlərdən balın 80-nin üzərində olmasıdır. Məsələn, universitetdə mühəndisliyi oxumaq üçün fizika-riyaziyyat fənlərindən daha yaxşı bal toplamaq vacibdir. Buna görə də bu fənlər üzrə balınız 80-nin, hətta bəzən 90-nın üzərində olmalıdır”.

İ.Kərimova qeyd etdi ki, bütün hallarda yuxarı siniflərdə şagirdlər gələcəkdə seçəcəkləri ixtisasa uyğun fənləri seçib oxuyurlar: “Mühəndislik üzrə təhsil almaq istəyənlər çoxlu riyaziyyat, fizika dərsləri götürməlidir ki, orta balı yüksəlsin və istədiyi ixtisasa qəbul olmaq şansı çox olsun”
Müsahibimizin sözlərinə görə, düzgün ixtisas seçimi də universitetə qəbul üçün şərtdir: “Orta məktəbdə topladığınız orta bala, eyni zamanda tələb olunan şərtləri qarşıladığınız ixtisasa uyğun seçim etməlisiniz. Tələbat böyük olan ixtisaslar yüksək bal tələb edir. Məsələn, Toronto Universitetində mühəndislik oxumaq istəyənin orta balı 93-95 olmalıdır. İncəsənət (Art) yönümlü ixtisaslar üçün isə 70-75 bal kifayət edir. Tibb sahəsi üzrə oxumaq da müəyyən seçilmiş fənlər üzrə həm yüksək orta bal, həm də könüllülük tələb edir. York Universitetinin Şulik Biznes Məktəbi (Schulic Business School) ən prestijli məktəblərdən sayılır və bura qəbul üçün çox yüksək bal tələb olunur. Xüsusi orta məktəblər (high school ) var ki, onlar yalnız biznesi oxumaq istəyənlər üçün nəzərdə tutulub. Qısacası, müxtəlif universitetlərdə müxtəlif ixtisaslar üzrə müxtəlif kriteriyalar tələb olunur. Amma bunun kökündə ilk növbədə yaxşı kreditin olması dayanır, könüllü kimi çalışmaq da arzuolunandır”.
95 balla Toronto Universitetinin kompyuter mühəndisli ixtisasını qazanan həmyerlimiz
Abituriyent Nəzrin Hüseynlinin orta məktəbdə topladığı orta balı 95-dir və bu il Toronto və Alberta universitetlərinin kompyuter mühəndisliyi ixtisasına qəbul alsa da, hələ seçimini etməyib. Deyir ki, müraciət etdiyi digər universitetlərdən – McGill, Ottava, Vestern, McMaster universitetlərindən cavab gözləyir. McGill, yaxud Toronto Universitetini seçmək haqqında düşünür. Amma seçimi təhsil haqqından və müraciət etdiyi universitetlərin təklif edəcəyi təqaüd proqramından asılıdır.

N.Hüseynli də deyir ki, biznes idarəçiliyi, mühəndislik, kompyuter elmləri, tibb, süni intellekt, məlumatlar elmi (data science) yüksək tələbat olan ixtisaslar arasındadır və bu cür ixtisaslara qəbul üçün universitetdən asılı olaraq orta məktəb balı 85-95 arası olmalıdır: “Bundan başqa, bəzi universitetlərdə abituriyentlərin akademik bilik və bacarıqları standartlaşdırılmış testlə qiymətləndirilə bilər. Məsələn, Britanita Kolumbiyası və Toronto universitetlərində yüksək tələbat olan ixtisaslarda bu test tətbiq olunur. Bundan başqa, məktəbdən əlavə könüllü kimi fəaliyyət göstərməyiniz, liderlik və klublardakı fəaliyyətiniz, icmanıza qatqınız, qısa olaraq, məktəbdən kənar fəaliyyətiniz qəbul zamanı çox vacibdir. Bəzi universitetlər esse yazmağı, tövsiyə məktubu tələb edə bilər, hətta bəzilərində abituriyentlərlə müsahibə də ola bilər”.
Kodlaşdırma, tibb, hüquq…
York Universitetinin Siyasi elmlər və hökumət ixtisası üzrə 4-cü kurs tələbəsi, Azərbaycanlı Kanada Gənclər Şəbəkəsinin rəhbəri, BMO bankın maliyyə departamentində analitik kimi çalışan Qalibə Abdullayeva bildirdi ki, Kanadanın əyalətindən, seçdiyiniz universitetdən və ixtisasdan asılı olaraq şərtlər dəyişir: “Elə universitet var ki, nüfuzlu təhsil müəssisəsidir. Amma oradakı yüksək tələbat olmayan ixtisaslara qəbul almaq çətin deyil”.

Q.Abdullayevanın sözlərinə görə, biznes idarəçiliyi, kompyuter elmləri, xüsusilə kodlaşdırmaya həmişə yüksək tələbat var: “Mühəndislik xüsusilə qərb əyalətlərində, Albertada, hətta Manitoba, Saskaçevan, Britaniya Kolumbiyasında yüksək tələbat olan ixtisaslardandır. Mədən mühəndisliyi, ətraf mühit mühəndisliyinə də sözügedən əyalətlərdə böyük ehtiyac var. Ümumilikdə isə Kanada üzrə kompyuter elmləri, xüsusilə süni intellektlə bağlı ixtisaslara tələbat böyük olduğundan o ixtisaslara qəbul da rəqabətlidir. Kanadada həkimlərə böyük ehtiyac olduğuna görə, üstəlik, bu ixtisasları verən təhsil müəssisələrinin az olması da sözügedən ixtisasa yüksək tələbat yaradır. Eyni məsələ hüquq məktəblərinə də aiddir. Bütün Kanada ərazisində ali təhsil verən cəmi 26 hüqüq məktəbi var. Müqayisə üçün bildirim ki, Amerikada 196 hüquq məktəbi var. Düzdür, Amerikada əhalinin sayı da çoxdur. Amma bütün hallarda, əhalinin sayına görə Kanadada 26 hüquq məktəbinin olması kifayət deyil və bu sahədə əmək bazarında çatışmazlıq var. Əmək bazarındakı tələbatla hüquq məktəblərinin yetişdirdiyi mütəxəssislərin sayı üst-üstə düşmədiyindən əmək bazarındakı tələbat ödənilmir. Nəticədə sözügedən ixtisaslara yüksək tələbat olduğundan qəbul zamanı tələblər artır”.
Müsahibimiz deyir ki, hüquq və tibb üzrə oxumaq istəyənlərin orta məktəb qiymətlərinin yüksək olması şərtdir: “Universitetlərdə hüquq ixtisasını oxumaq istəsəniz, orta məktəbdə akademik qiymətləriniz çox yüksək olmalıdır. Tibbə qəbul olmaq bundan daha çətindir. Üstəlik, hüquq məktəbi kimi tibb mütəxəssisləri yetişdirən təhsil ocaqları da çox deyil”.
Məktəbdən kənarda nəylə məşğul olmusuz?
Q.Abdullayevanın dediyinə görə, York Universitetinin Şulik Biznes məktəbində, Vestern Universitetində biznes proqramlarına qəbul zamanı çox yüksək orta məktəb qiymətlərindən əlavə, ərizə və tövsiyə məktubları da təqdim etməlisiniz. Professorlardan, menecerlərindən, orta məktəb direktorundan tövsiyyə məktubu alanlar olur. Biznes məktəbləri sizin əlavə proqramlar götürməyinizə diqqət edirlər. Məktəbdən əlavə nəylə məşğul olmağınız, hansı klublara getməyiniz, könüllülük fəaliyyətiniz önəmlidir. Bilmək istəyirlər ki, siz məktəbdən əlavə nələrin öhdəsindən gəlmisiniz. Bununla da əmin olmaq istəyirlər ki, siz həmin Biznes məktəbində oxuya-oxuya həmin məktəblərin əməkdaşlıq etdikləri şirkətlərlə də əməkdaşlıq edə biləcəksiz, ya yox”.
Q.Abdullayeva yüksək tələbat olan ixtisaslara qəbul zamanı tələb edilən şərtləri sadaladı: “Qəbul olmaq istədiyiniz universitetə orta məktəb qiymətlərininzin yüksək olması ilə bərabər, tövsiyə məktubu, özünüz haqqında daha çox məlumat, məktəbdən kənardakı məşğuliyyətləriniz barədə sənədlər təqdim etməlisiniz. İdmanla məşğul olmusunuzmu, haradasa liderlik etmisinizmi, oxuduğunuz məktəbdə dərnəklərdə iştirak etmisinizmi, təhsil aldığınız məktəbin inkişafında hansı rolunuz olub, ətraf mühitin təmizliyi ilə məşğul olmusunuzmu, başqa uşaqlara ev tapşırıqlarında kömək etmisinizmi, ümumilikdə icmanıza hansı dəyər qatmısınız və s.”.
















