Kanadada baş verən intensiv meşə yanğınlarının yaratdığı ağır tüstü Şimali-Qərbi Avropaya çatıb. Bu barədə Avropa İttifaqının iqlim müşahidə xidməti – Copernicus Atmosfer Monitorinq Xidməti (CAMS) məlumat yayıb.
Qeyd olunur ki, bu nəhəng tüstü buludları çox yüksək hündürlükdə yerləşir və hazırda birbaşa sağlamlıq riski yaratmır: “Manitoba və Saskatchevan əyalətlərindəki meşə yanğınlarından yaranan tüstü Atlantik okeanını keçərək Avropaya doğru daşınıb”.
Gələcək günlərdə də əlavə tüstü buludlarının qitəni örtəcəyi gözlənilir.
Meşə yanğınlarından yaranan tüstü karbonmonoksid kimi qaz çirkləndiriciləri, su buxarı və xüsusilə sağlamlıq üçün təhlükəli olan hissəciklərdən ibarətdir.
Avropaya yönəlmiş yüksək hündürlüklü tüstünün yer səviyyəsində hava keyfiyyətinə ciddi təsir edəcəyi gözlənilmir, lakin göydə bulanıqlıq və qırmızımtıl-narıncı gün batımı ilə nəticələnə bilər.
Qeyd edək ki, Kanadanın mərkəzində yerləşən Manitoba vilayəti son illərin ən pis yanğın mövsümünün başlanğıcını yaşayır. Saskatchevan əyaləti isə mayın sonunda fövqəladə vəziyyət elan edib və minlərlə insanı təxliyə edib.
Kanada rəsmiləri bu yay xüsusilə quraqlıq və ekstremal hava şəraiti səbəbindən mərkəzi və qərb bölgələrində adi haldan daha ağır yanğın mövsümü olacağını proqnozlaşdırır.
Digər tərəfdən, Rusiyanın Uzaq Şərq Federal Dairəsində də aprel ayının əvvəllərindən bəri genişmiqyaslı meşə yanğınları davam edir. Xüsusilə Baykal gölünün şərqində aktiv olan bu yanğınların təxminən 35 milyon ton karbon emissiyası yaratdığı bildirilir.
Foto: The Guardian