Baş nazir Mark Karni çərşənbə axşamı Albertda keçirilən G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərkən Ukraynanın müdafiəsi üçün 4.3 milyard dollarlıq yeni dəstək paketini açıqlayıb.
Baş nazirin ofisinin məlumatına görə, bu məbləğə dronlar, sursat və zirehli texnikalar üçün ayrılmış 2 milyard dollar daxildir. Bu vəsait NATO-nun müdafiə xərcləri hədəfinə daxil ediləcək.
Kanada, həmçinin Ukraynaya 2.3 milyard dollar kredit verəcək. Bu kredit Ukraynanın infrastrukturu və ictimai xidmətlərini bərpa etməsinə kömək edəcək. Kredit, Avropada dondurulmuş Rusiya aktivlərindən əldə olunan faiz gəliri ilə geri qaytarılacaq.
Kanada Rusiyanın kölgə donanmasını və enerji gəlirlərini hədəf alan yeni sanksiyalar paketi də elan edib. Bu il G7 sammitinə ev sahibliyi edən Karni, Zelenskini tədbirə dəvət edib və bildirib ki, Ukraynanın müdafiəsi müzakirələrin əsas mövzusu olacaq.
Zelenski ilə görüşü zamanı Karni Rusiyanın son hücumlarını “ən sərt şəkildə” qınayıb: “Bu, Ukrayna ilə və Ukrayna xalqı ilə tam həmrəylik içində olmağın nə qədər vacib olduğunu göstərir. G7 liderləri ilə dünən gecə müzakirə apardıq və Rusiyaya maksimum təzyiqin tətbiq edilməsinin vacibliyini vurğuladıq”.
Karni əlavə edib ki, Kanadanın yeni sanksiyaları Rusiyadan olan bir sıra şəxsləri, 40 təşkilatı və 200 gəmini əhatə edir. Bu gəmilər Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aiddir.
Tramp: Kanada ABŞ-a birləşməsə…
Tramp bazar ertəsi Vaşinqtona qayıdarkən jurnalistlərin “Kanadanı ABŞ-ın ştatına çevirmək istəməyinizlə bağlı G7 sammitində kimsə ilə danışdınızmı?” sualına belə cavab verib: “Bu, Kanada üçün daha sərfəli olardı. Amma bu onların seçimidir”.
O həmçinin bildirib ki, əgər Kanada ABŞ-a qoşulmasa, çoxlu gömrük tarifləri və xərclər ödəməli olacaq və “Iron Dome” (Dəmir Qübbə) layihəsinə daxil olmaq üçün 71 milyard dollar ödəməlidir.
Tramp bildirib ki, Kanada və ABŞ bu məsələ ilə bağlı ayrıca razılaşma imzalaya bilər.
Foto: Suzanne Plunkett / Pool via Associated Press