Kanadanın Manitoba əyalətində bir sıra meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub və baş nazir Mark Karni hərbi qüvvələrin köməyə göndərilməsinə razılıq verib.
“Bu, insanların yaddaşında Manitobada görülmüş ən böyük təxliyə olacaq”, – deyə əyalətin baş naziri Vab Kinev bildirib. Onun sözlərinə görə, yanğınlar bir neçə icmada 17 min nəfərin evlərini tərk etməsinə səbəb olub: “Hərbi qüvvələrə bu qədər insanın tez bir zamanda təxliyəsi üçün müraciət edilib. Baş nazir Mark Carney bu tələblə razılaşdı və mən bundan məmnunam”.
Yanğın bazar ertəsi günü qonşu Saskaçevan əyalətində başlayıb və sürətlə böyüyüb. Saskaçevanın Creighton qəsəbəsində yaşayan 1,200 nəfər də təxliyə edilib.
Manitobanın Flin Flon şəhəri yaxınlaşan meşə yanğınlarına görə 5,000 sakininin hamısına təxliyə əmri verib. Sakinlərə bildirilib ki, yalnız ən vacib əşyalarını götürərək cənuba doğru hərəkət etsinlər və gecə yarısına qədər ərazini tərk etsinlər.
Hazırda Manitobada 22 aktiv meşə yanğını mövcuddur. Rəsmilər bildirir ki, Kanadanın müxtəlif bölgələrindən yanğınsöndürənlər bu alovlarla mübarizəyə cəlb olunub.
Bu il indiyədək Manitobada 102 yanğın qeydə alınıb ki, bu da əvvəlki illərin ortalama göstəricisi olan 77-dən xeyli çoxdur.
Foto: dreamstimecom
















