Bu addım məktəb kitabxanalarında seksual və LGBTQ+ məzmunlu romanların yer alması ilə bağlı atılıb
Alberta bu payızdan etibarən məktəb kitabxanalarında yalnız “yaşa uyğun” adlandırdığı kitabların mövcudluğunu təmin etmək üçün yeni qaydalar tətbiq edəcək.
Təhsil naziri Demetrios Nikolaides bildirib ki, bu addım Edmonton və Kalqari şəhərlərinin dövlət məktəblərində dövriyyədə olan, seksual və LGBTQ+ məzmunlu dörd romanın müəyyənləşdirilməsi ilə bağlı atılıb.
Nikolaides deyib ki, belə romanların mövcud olduğunu öyrənmək onu son dərəcə narahat edib: “Alberta hökuməti məktəb kitabxanalarında seksual məzmunlu materialların seçilməsi və idarə olunmasına dair məktəb şuralarına rəhbərlik üçün yeni standartların hazırlanmasına başlayacaq və biz bu istiqamətdə Alberta sakinlərinin fikirlərini öyrənmək istəyirik. Biz valideynlər üçün şəffaflığı təmin etməyi düşünürük ki, məktəb kitabxanalarında nələrin mövcud olduğunu bilsinlər və kitab, həmçinin digər kitabxana materialları ilə bağlı şikayət və narahatlıqlar üçün prosedur mövcud olsun”.
Hökumət növbəti 12 gün ərzində ictimai rəy toplamaq üçün onlayn sorğu başladır və yeni əyalət üzrə standartları hazırlamağa hazırlaşır. Yeni qaydaların sentyabr ayına qədər qüvvəyə minməsi nəzərdə tutulur.
Sorğu 6 iyunda başa çatır.
Yeni qaydalar dövlət, xüsusi (separate), frankofon, çarter və müstəqil məktəblərə şamil olunacaq, lakin ictimai kitabxanalara aid olmayacaq.