Bu təşəbbüs Ontario iqtisadiyyatına 3 milyard dollar töhfə verə bilər
Ontario hökuməti Niaqara Turizm Strategiyası (“Destination Niagara Strategy”) adlı yeni layihə təqdim edib. Bu, Kanadanın ən məşhur turizm bölgələrini daha da inkişaf etdirməyi hədəfləyən milyardlarla dollarlıq genişmiqyaslı plandır. Strategiyanın bir hissəsi olaraq, Niaqara Şəlaləsinin gələcəkdə “Şimalın Las Veqası”na çevrilməsi və burada yeni bir əyləncə parkının yaradılması nəzərdən keçirilir.
Layihə çərçivəsində ziyarətçilərin şəlaləni yuxarıdan seyr edə biləcəyi iri müşahidə çarxı da planlaşdırılır. Bu attraksionun “London Eye”a bənzər olacağı və Temza çayı mənzərəsi kimi panoramik görüntülər təqdim edəcəyi bildirilir.
“Niagara Parks Marina” yenilənəcək, burada restoran, mağaza və açıq hava terrasının açılması planlaşdırılır. Eyni zamanda, tarixi Toronto Elektrik Stansiyası binasının beşulduzlu hotelə çevrilməsi istiqamətində işlər artıq başlayıb. Bu, bölgə üçün bir ilk olacaq.
Niaqara çayının yuxarı sahilində yerləşəcək hoteldə muzey, spa, incəsənət qalereyası və teatr fəaliyyət göstərəcək. Bundan əlavə, bölgədə bir neçə dünya səviyyəli kazino, eləcə də yüksək səviyyəli əyləncə və restoranların tikintisi nəzərdə tutulur.
Hazırda Niaqara kazinoları hər il 5 milyondan çox ziyarətçi cəlb edir və təxminən 500 milyon avro gəlir gətirir. Layihədə qeyd olunur ki, bu layihələr “yerli incəsənət və mədəniyyəti inkişaf etdirəcək və regionun nəqliyyat şəbəkəsini yaxşılaşdıracaq”.
Plana əsasən, gələcəkdə bölgəyə ildə 25 milyonadək turist gəlməsi və turizmin ikiqat artması hədəflənir. Bu təşəbbüs Ontario iqtisadiyyatına 3 milyard dollar töhfə verə bilər.
Uzunmüddətli planlara “Niagara River Line” adlı yeni attraksion da daxildir. Bu, Queen Victoria Park ərazisindən keçəcək elektrikli tramvay olacaq.
Ziyarətçilər asma kapsullara minərək Niaqara Şəlaləsini tamamilə yeni bucaqdan seyr edə biləcəklər.
















