Ontario hökumətinin təqdim etdiyi Bill 60, eyni zamanda “Gecikmələrlə Mübarizə, Daha Tez Tikinti Aktı” kimi tanınan sənəd, dünən parlamentdə üçüncü oxunuşu 71-43 səslə keçərək qəbul edilib.
Qanun, Ontarioda ev sahibinin şəxsi istifadəsi üçün əmlakını geri istədikdə kirayəçiyə kompensasiya təklif etməsinə olan tələbi ləğv edir. Şərt odur ki, 120 gün əvvəl kirayəçiyə xəbərdarlıq verilsin. Həmçinin kirayə haqqının ödənilməməsi halında kirayəçinin çıxarılması üçün gözləmə müddəti qısaldılır.
Hökumət deyir ki, bu dəyişikliklər Ev Sahibi və Kirayəçi Şurasındakı (Landloard and Tenant Board) işləri sürətləndirmək üçündür. Kommunal və Mənzil Naziri Rob Flak hökumətin mənzil strategiyasını müdafiə edərək yeni qanunun ev sahiblərinə “binalarını kirayəyə vermək üçün güvən” verəcəyini, beləliklə kirayələrin düşəcəyini iddia edib.
Lakin tənqidçilər qanunun kirayənişinlərin evdən çıxarılma prosesini sürətləndirəcəyini və kirayəçilərin “pis niyyətli” çıxarılmalara qarşı özlərini müdafiə etməsini çətinləşdirəcəyini, həmçinin kirayəçilərin ev sahiblərinə qarşı şikayətlərinin sürətlə həllini təmin etməyəcəyini bildirirlər.
Qeyd edək ki, qanunun rəsmi olaraq qüvvəyə minməsi üçün kralın da razılığı olmalıdır.
Foto: CP24
















