Avqustun 6-da 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Sadiq Adıgözəlzadənin vəfatı ilə əlaqədar hüzr məclisi təşkil olunacaq. Sadiqi son mənzilə yola salmaq istəyən həmvətənlərimiz avqustun 6-da saat 18:00–20:00 arasında İmam Mehdi İslam Mərkəzinə (Imam Mehdi Islamic Centre – 7340 Bayview Ave, Thornhill) toplaşacaqlar. Qazimizlə vidalaşmaq istəyən hər kəs hüzr məclisinə qatıla bilər.
Qeyd edək ki, Kanadanın Toronto şəhərində yaşayan Sadiq Adıgözəlov 27 yaşında dünyasını qəfil dəyişib. Zəhmətkeşliyi, sakit təbiəti, mehribanlığı ilə hər kəsin rəğbətini qazanan Sadiq Qarabağ müharibəsinə könüllü yollanmışdı.
Qazimizin nəşinin Azərbaycana göndərilməsi üçün bir sıra təşkilatlar və şəxslər ianə topladılar. Azərbaycanlı Qadınların Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) üzvləri də bu ağır gündə qazimizin ailəsinə maddi və mənəvi dəstəklərini əsirgəmədilər, mərkəzin üzvü olan qazimizin anası Firuzə xanımı tək qoymadılar.
Eyni zamanda, Torontoda yaşayan həmvətənimiz Vəliyəddin Quliyevin təşəbbüsü ilə GoFundMe platformasında hesab açıldı və Sadiqin vətən torpağında dəfn edilməsi üçün lazım olan xərclərin qarşılanmasına iki gün ərzində 16 min dollar vəsait toplandı. Kanada və Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən həmyerlilərimiz, həmçinin Türkiyədən olan qardaşlarımız GoFundMe vasitəsilə maddi dəstək göstərdilər.
Allah rəhmət eləsin!
















