Qaçqınların iş icazəsinin müddəti də qısaldılacaq
ABŞ Daxili Təhlükəsizlik katibi Kristi Noem bildirib ki, Tramp administrasiyası müəyyən ölkələrin vətəndaşlarına tətbiq olunan səyahət qadağasını genişləndirərərk 30-dan çox ölkəyə tətbiq edəcək. Bu addım Əfqanıstan əsilli bir şəxsin iki Milli Qvardiya əməkdaşını güllələməkdə ittiham olunmasından sonra tətbiq edilən son məhdudiyyətlərdəndir.
Genişləndirmə, respublikaçı administrasiya tərəfindən iyunda elan edilən və 12 ölkənin vətəndaşının ABŞ-a girişini qadağan edən, daha 7 ölkədən gələnlərə isə məhdudiyyət qoyan səyahət qadağasına əlavə olunacaq.
Milli Qvardiya üzvlərinə atəş açılması fonunda administrasiya, ilkin səyahət qadağasına daxil olan 19 ölkəyə tətbiq edilən məhdudiyyətləri artıq sərtləşdirib. Bu ölkələr arasında Əfqanıstan, Somali, İran və Haiti də var.
Cəmi bir həftədən bir qədər çox müddətdə administrasiya sığınacaq qərarlarını dayandırıb, səyahət qadağası tətbiq olunan 19 ölkənin vətəndaşları üçün immiqrasiya xidmətlərinin emalını dondurub, ABŞ-a yardım etmiş əfqanlara vizaların verilməsini dayandırıb.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti bəyan edib ki, qaçqınlar və sığınacaq sahibləri kimi bəzi kateqoriyalara aid müraciətçilər üçün iş icazələrinin müddəti qısaldılacaq. Bu, onların daha tez-tez yenidən müraciət etməsi və daha çox yoxlamadan keçməsi deməkdir.
Foto: AP Photo/Ben Curtis
















