[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Trampdan “Tesla” rəhbərinin siyasi partiya yaratmasına reaksiya: “Mask nəzarətdən çıxıb”

ABŞ Prezidenti Donald Tramp Tesla və SpaceX-in rəhbəri Elon Maskın yeni siyasi partiya yaratdığını elan etməsindən sonra ona qarşı sərt çıxış edib. Tramp bu addımı “absurd” adlandıraraq, texnologiya milyardçısının tamamilə “nəzarətdən çıxdığını” deyib.

“Elon Maskın son beş həftə ərzində tamamilə nəzarətdən çıxmasını izləmək məni kədərləndirir”, – deyə Tramp dünən gecə Truth Social platformasında paylaşım edib. “Üçüncü partiyaların bacardığı tək şey tam xaos və qarışıqlıq yaratmaqdır”.

Qeyd edək ki, E.Mask şənbə günü X platformasında “Amerika Partiyası” adlı yeni bir siyasi qüvvə yaratdığını elan edib. O, bu partiyanın Respublikaçılar və Demokratlarla rəqabət aparacağını bildirib. Mask son həftələrdə Trampın vergi və xərcləmə planlarını tənqid edərək, ölkə iqtisadiyyatını məhv edəcəyini söyləmişdi.

“İkiyə bir nisbətində siz yeni bir siyasi partiya istəyirsiniz və bunu da alacaqsınız!”, – deyə Mask yazıb: “Bu gün Amerika Partiyası quruldu – azadlığınızı sizə geri vermək üçün”.

Tramp və Mask arasındakı münasibətlər, xüsusilə xərcləmə qanun layihəsi ilə bağlı fikir ayrılığı fonunda pozulub. Halbuki Mask Trampın yenidən prezident seçilməsini dəstəkləmək üçün yüz milyonlarla dollar ianə etmişdi.

Sonradan Tramp Maskı “Hökumət Səmərəliliyi Departamenti” (DOGE) adlandırılan yeni struktura rəhbər təyin etmişdi. Bu qurum federal işçi qüvvəsini ixtisar etmiş və Maskın şirkətlərini tənzimləyən bəzi agentlikləri ləğv etmişdi.

“Üçüncü partiya yaratmaq absurddur. Respublikaçı Partiyada böyük uğurlarımız var. Demokratlar yoldan çıxıb, amma bu ölkədə sistem hər zaman iki partiyalı olub. Üçüncü partiya sadəcə çaşqınlıq yaradır”, – deyə Tramp Maskın elanından bir gün sonra Reuters-ə bildirib.

Tramp eyni zamanda bazar günü paylaşımında Maskın “elektrikli avtomobil məcburiyyəti”ni də tənqid edib.

Prezidentin 4 iyulda imzaladığı vergi və büdcə ixtisarı qanun layihəsi elektrikli avtomobillər üçün vergi güzəştlərinə son qoyur. Tramp paylaşımında bildirib ki, prezidentlik kampaniyası dövründə Maskı bu barədə xəbərdar edib: “Elon mənə tam və şərtsiz dəstəyini verdikdən sonra ondan soruşdum: bilirsənmi ki, mən bu EV (elektrik avtomobili) güzəştini ləğv edəcəyəm – bu, hər çıxışımda, hər söhbətimdə qeyd olunurdu. O isə dedi ki, bu məsələdə heç bir problemi yoxdur”.

Foto: AP Photo/Evan Vucci

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp