Ontario əyaləti Highway 413 (Magistral yol – 413) üçün ilk iki tikinti müqaviləsini təqdim edib. Altı zolaqlı, 52 kilometrlik bu magistral yol York, Peel və Halton bölgələrini birləşdirəcək və hər səfərdə 30 dəqiqəyə qədər vaxt qazandıracaq. Ford hökuməti iddia edir ki, Highway 413 tıxacla mübarizə aparacaq, hər il 6,000-dən çox iş yeri yaradacaq və Ontarionun ÜDM-nə 1 milyard dollardan çox əlavə dəyər qatacaq.
Qeyd edək ki, yeni çəkiləcək yolla bağlı tənqidi fikirlər də səsləndirilir. Layihənin nəsli kəsilməkdə olan heyvan növlərinə, su hövzələrinə və ən yaxşı kənd təsərrüfatı torpaqlarına zərər verə biləcəyi deyilir. Baş nazir isə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər və sərhədlərarası gərginliyin yaratdığı iqtisadi qeyri-müəyyənlikdə bu layihənin zəruri olduğunu qeyd edib.
Kaledon şəhərində jurnalistlərə danışan D.Ford bildirib ki, Highway 10 üzərində ilkin işlərin çoxu artıq yeni körpü tikintisinə hazırlıq üçün başlayıb. Həmçinin sürücülər Highway 401/407 qovşağında təkmilləşdirmələrin də başlayacağını gözləyə bilərlər: “Hökumətimiz Highway 413 üçün ilk iki tikinti müqaviləsini Kaledonda təqdim edib, briqadalar Highway 10-un təkmilləşdirilməsi üzrə işlərə başlayıblar ki, gələcəkdə sürücülər Highway 413 üzərindən yeni körpü ilə hərəkət edə bilsinlər”.
Yolun çəkilməsinin ekologiyaya ziyan vurmasına gəlincə, hökumətin açıqladığı analizdə bildirilir ki, heç bir tədbir görülməsə, 2044-cü ilə qədər tıxac əyalətə hər il 108 milyard dollara başa gələ bilər. D.Fordun sözlərinə görə, vaxtında tədbir görülməsə, bu rəqəm daha da arta bilər.
Foto: The Canadian Press/Cole Burston
















