16 yaşlı yeniyetməni yüksək sürətlə idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən qaçan Van (Vaughan) şəhər sakini Harnur Çauhan 5 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 25 yaşlı müttəhimə 15 il sürücülük qadağası tətbiq olunub.
Bu ilin 15 dekabrında hakim M. Fuerst hökmü elan edib. Qərar, Van ictimaiyyətini sarsıdan və bir ailəni övlad itkisi ilə üz-üzə qoyan faciəli qəzanın baş verməsindən bir ildən çox vaxt keçdikdən sonra verilib.
Hadisə mayın 21-i 2024-cü ildə Voodbric ərazisində, Martin Grove Road və Jackman Crescent küçələrinin kəsişməsində baş verib. York Regional Polisi (YRP) qəza ilə bağlı çağırış alıb. Araşdırmalar zamanı bildirilib ki, ağ rəngli Mercedes-Benz markalı avtomobil mini-motosiklet idarə edən yeniyetməni vurduqdan sonra hadisə yerindən qaçıb.
Bir neçə dəqiqə sonra polis yaxın ərazidən daha bir çağırış alıb. Mercedes sürücüsü avtomobilinin qaçırıldığını iddia edib. Lakin aparılan istintaq nəticəsində bu məlumatın yalan olduğu müəyyən edilib və yeniyetməni vuraraq hadisə yerini tərk edən sürücünün Harnur Çauhan olduğu təsdiqlənib.
16 yaşlı David Şirinian olduğu müəyyən edilən yeniyetmə ağır xəsarətlər alıb və xəstəxanada dünyasını dəyişib.
Polisin bildirdiyinə görə, hadisə zamanı Çauhan başqa, əlaqəsiz cinayətlər üzrə şərti olaraq azadlıqdan məhrum edilib.
Səlahiyyətli qurumlar bildirir ki, iş üzrə araşdırma əlavə məlumatlar üçün açıq qalır və hadisə ilə bağlı məlumatı olan şəxslər polisə müraciət etməyə çağırılır.
















